TÜRKPA ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb
0
11 mart 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti (TMİF) xanım Aktotı Raimkulova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsəni ziyarət edib.
Hər iki təşkilatın əməkdaşlarının iştirakı ilə keçirilən görüş zamanı xanım Raimkulova cənab Ramil Həsəni yenidən TÜRKPA-nın Baş katibi seçilməsi münasibətilə təbrik edib və Qırğızıstanın fəaliyyətdə olan sədrliyi çərçivəsində TMİF tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumat verib.
Öz növbəsində cənab Ramil Həsən qonaq nümayəndə heyətinə TÜRKPA-nın həyata keçirdiyi cari fəaliyyətlərə dair məlumat verib. Baş katib TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası tərəfindən 15 mart 2026-cı il tarixində Qazaxıstanda keçiriləcək Konstitusiya referendumunun qısamüddətli müşahidəsinin həyata keçirilməsinə hazırlıqlar barədə məlumat verərək, referenduma çıxarılan Konstitusiya layihəsinin Qazaxıstanın institusional çərçivəsində əhəmiyyətli dəyişiklikləri nəzərdə tutduğunu qeyd edib, Qazaxıstan və türk dünyası üçün referendumun əhəmiyyətini vurğulayıb.
Baş katib həmçinin müxtəlif əməkdaşlıq sahələrində fəaliyyət göstərən TÜRKPA-nın daimi komissiyaları haqqında məlumat verib və iki təşkilat arasında TÜRKPA-nın müvafiq daimi komissiyası çərçivəsində mədəni irslə bağlı model qanunlarının hazırlanması üzrə əməkdaşlıq potensialını vurğulayıb. O, türk əməkdaşlığının qanunvericilik sütunu kimi TÜRKPA-nın roluna toxunaraq, iki təşkilat arasında birgə fəaliyyət təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.
Görüş zamanı tərəflər türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi üçün səmərəli qanunvericilik çərçivəsinin formalaşdırılmasının strateji əhəmiyyətini bir daha vurğulayıblar. Bu kontekstdə xanım Raimkulova TÜRKPA nümayəndə heyətini cari ilin aprel ayında Türkiyənin Qaziantep şəhərində keçirilməsi nəzərdə tutulan “Türk mədəni irsi üzrə strateji əməkdaşlıq konfransı və texniki seminar: mədəni mülkiyyətin qanunsuz dövriyyəsinin qarşısının alınması” adlı tədbirdə iştirak etməyə dəvət edib.
Görüş birgə təşəbbüslərin həyata keçirilməsi ilə türk dövlətləri arasında mədəni və siyasi əlaqələrin gücləndirilməsinə, eləcə də türk mədəni və siyasi irsinin regional və beynəlxalq səviyyədə təşviq edilməsinə yönəlmiş əməkdaşlığa dair niyyət protokolunun imzalanma mərasimi ilə yekunlaşıb.