TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası Astanada səsvermə prosesini müşahidə edir
0
Bu gün — Qazaxıstan Respublikasında ümumxalq referendum günündə TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyasının Astana qrupu şəhərdə səsvermə prosesinin müşahidəsini həyata keçirir.
Missiya üzvləri saat 07:00-da səsvermə məntəqəsinin açılışını müşahidə ediblər və referendum günü boyunca saat 20:00-da səsvermənin bitməsinədək səsvermə məntəqələrini ziyarət etməyə davam edəcəklər. Missiya üzvləri həmçinin səsvermə məntəqəsində səslərin sayılmasını müşahidə edəcəklər.
TÜRKPA Beynəlxalq Katibliyinin referendumun müşahidə missiyasına rəhbərlik edən Baş katib cənab Ramil Həsən referendumun müşahidəsi prosesi çərçivəsində Türkiyənin “TRT Avaz” və “TRT Haber” telekanallarına, Çinin “CGTN” dövlət televiziyasına, həmçinin Rusiyanın “İzvestiya” informasiya agentliyi və telekanalına səsvermənin gedişatı barədə ətraflı məlumat verib.
TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası referendumun müşahidəsini Qazaxıstanın Astana, Almatı və Türkistan şəhərlərində həyata keçirir. Missiyanın Astana qrupunun tərkibinə parlament deputatları Məlahət İbrahimqızı (Azərbaycan), Irısbek Atajanov (Qırğızıstan), Osman Mesten (Türkiyə), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri Nailə Əsgərova və Elmira Əzizova, TÜRKPA Beynəlxalq Katibliyinin heyəti — Baş katibin müavini Talqat Aduov, komissiya katibi Aynurə Abutalıbova, Təşkilati-inzibati məsələlər üzrə katibi Ələsgər Ağayev və Türkiyə parlamentinin əməkdaşı, nümayəndə heyəti katibi Kürşat Melih Sarıaslan daxildir.