TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media

TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası Astana və Almatıda mətbuat konfransları keçirib

Tarix
Şəkil sayı
0

16 mart 2026-cı ildə Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentlərinin deputatları, Baş katibin rəhbərlik etdiyi TÜRKPA Beynəlxalq Katibliyinin heyəti, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndələri və Türkiyə parlamentinin əməkdaşlarından ibarət olan TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası Astana və Almatı şəhərlərində mətbuat konfransları keçirərək, Qazaxıstan Respublikasında 15 mart 2026-cı il Konstitusiya referendumunu müşahidəsinin ilkin nəticələrinə dair bəyanatı təqdim edib.

Missiyanın bəyanatında yeni, genişləndirilmiş səlahiyyətlərə malik 145 deputatdan ibarət yeni birpalatalı parlamentin (Qurultayın), eləcə də vitse-prezident institutunun, qanunlara və referenduma təşəbbüs göstərmək səlahiyyətləri ilə yeni məşvərət orqanı – Qazaxıstan Xalq Şurasının yaradılması daxil olmaqla, ümumxalq referendumuna çıxarılmış Konstitusiya layihəsində əsas yeniliklər və Qazaxıstanın institusional və hüquqi çərçivəsində nəzərdə tutulan mühüm dəyişikliklər qeyd edilir.

Bəyanat hüquqi çərçivə, referendumun idarə edilməsi, seçicilərin qeydiyyatı, təşviqat və referendumun müşahidəsi daxil olmaqla, referendum prosesinin əsas aspektlərinə yönəlib.

Bəyanata görə, referendum günü Missiya üzvləri Astana, Almatı və Türkistanda ümumilikdə 115 səsvermə məntəqəsini ziyarət edib, səsvermə məntəqələrinin açılışını, səsvermə prosesini və səslərin sayılmasını müşahidə ediblər. Referendum dinc mühitdə keçirilib. Missiya ziyarət edilmiş səsvermə məntəqələrində ümumi səsvermə prosesini şəffaf, nizamlı və yaxşı təşkil edilmiş kimi qiymətləndirib.

Missiya vətəndaşlara Konstitusiya əhəmiyyətli məsələlərə dair iradələrini birbaşa ifadə etmək imkanı yaradan referendumu Qazaxıstanın demokratik inkişafı yolunda mühüm addım kimi qeyd edir. O, referendum prosesinin idarə edilməsində referendum idarəetmə orqanları tərəfindən nümayiş etdirilən səmərəli işi və peşəkarlığı, referendum prosesinin iştirakçılarına təlimlərin keçirilməsi və seçicilərin maarifləndirilməsi üzrə Mərkəzi Referendum Komissiyasının fəaliyyətlərini təqdir edir.

Qeyd edilir ki, müşahidə aparılmış səsvermə məntəqələri səsvermə prosesi üçün lazımi qaydada hazırlanıb. Missiya ziyarət edilmiş səsvermə məntəqələrində səsvermə prosesinin şəffaflığına töhfə verən yerli müşahidəçilərin mövcudluğunu qeyd edir. Missiya referendumun ümumi nəticəsinə təsir göstərə biləcək heç bir əhəmiyyətli pozuntu müşahidə etməyib.

Missiya səsvermə məntəqələrinin Brayl əlifbası ilə hazırlanmış trafaretlər, Konstitusiya layihəsi mətninin audio versiyası, o cümlədən digər müvafiq infrastruktur və yardımçı vasitələrlə təmin edilməsi daxil olmaqla, əlilliyi olan seçicilərin seçki hüquqlarının və onlar üçün səsvermə məntəqələrinin əlçatanlığının təmin edilməsi üçün referendum idarəetmə orqanları tərəfindən görülmüş tədbirləri müsbət qiymətləndirir.

Missiya Qazaxıstan Respublikasında 15 mart 2026-cı il Konstitusiya referendumunun Qazaxıstan Respublikasının milli qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçirildiyi nəticəsinə gəlib.

Missiya öz fəaliyyətində TÜRKPA-nın “Seçki müşahidəsi haqqında” Əsasnaməsinə və müvafiq beynəlxalq sənədlərə uyğun olaraq qərəzsizlik, obyektivlik, müstəqillik, şəffaflıq və seçki (referendum) prosesinə müdaxilə etməmək prinsiplərinə riayət edib.

TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası referendumun müşahidəsini Qazaxıstanın Astana, Almatı və Türkistan şəhərlərində həyata keçirib. Missiyanın tərkibinə parlamentin deputatları — cənab Osman Mesten (Türkiyədən, Missiya rəhbəri qismində), xanım Məlahət İbrahimqızı, xanım Tamam Cəfərova (hər ikisi Azərbaycandan), cənab İrısbek Atajanov (Qırğızıstandan), cənab Tahir Akyürek, cənab Mahmut Özer, cənab Cemal Enginyurt, xanım Filiz Kılıç və cənab Kadim Durmaz (hamısı Türkiyədən), Baş katib səfir Ramil Həsənin rəhbərliyi ilə TÜRKPA Beynəlxalq Katibliyinin heyəti — Baş katibin müavinləri cənab Talqat Aduov və cənab Muhammet Alper Hayali, komissiya katibləri xanım Aynurə Abutalıbova, cənab Bauırjan Datkayev və cənab Kadir Yaman, heyət üzvləri cənab Ələsgər Ağayev, cənab Azər Məmmədov və xanım Kamila Müzəffərli, Türkiyə parlamentinin əməkdaşları — qanunvericilik eksperti cənab Ercan Durdular, nümayəndə heyəti katibləri cənab Kürşat Melih Sarıarslan və cənab Abdullah Nuri Ayvaz daxil olublar.