TÜRKPA Baş katibi Türkiyənin ATƏT yanında Daimi Nümayəndəsi ilə görüşüb
4
18 fevral 2026-cı il tarixində TÜRKPA Baş katibi cənab Ramil Həsən Avstriyanın paytaxtı Vyana şəhərinə səfəri çərçivəsində Türkiyə Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) yanında daimi nümayəndəsi Səfir xanım Zeynep Kızıltan ilə görüşüb.
Görüş zamanı 2010-cu ildən etibarən TÜRKPA və ATƏT arasındakı əməkdaşlıq, gələcək əlaqələrin inkişaf perspektivləri, o cümlədən TÜRKPA-nın ATƏT PA yanında müşahidəçi statusunun əldə edilməsi ilə bağlı qardaş ölkələrin daimi nümayəndəliklərinin dəstəyi müzakirə olunub.
Cənab Ramil Həsən TÜRKPA-nın cari və gələcək fəalyyəti, eyni zamanda Qazaxıstan sədrliyi çərçivəsində həyata keçirilən işlər barədə xanım Səfirə geniş məlumat verib.
Öz növbəsində, Zeynep Kızıltan TÜRKPA-nın Türk dünyası üçün xüsusi əhəmiyyətini vurğulayaraq, təşkilatın ATƏT və ATƏT PA ilə yanaşı həyata keçirdiyi bütün fəaliyyətlərini dəstəklədiyini və gələcəkdə də bu istiqamətdə lazimi köməyin göstəriləcəyini ifadə edib.
Səmimi görüşdə, həmçinin digər ikitərəfli və strateji əhəmiyyət kəsb edən məsələlər də müzakirə olunub.
Görüşdə Türkiyə tərəfindən Müşavir Pelin Musabay Baki və Üçüncü katib Can Bostancı, TÜRKPA-dan isə Baş katibin müavini Muhammet Alper Hayali, Komissiya katibi Aynur Abutalıbova və Protokol xidmətinin müdiri Yadigar Məmmədov iştirak edib.