TÜRKPA Baş katibi Qazaxıstan Respublikasının Avstriya Respublikasındakı səfiri və Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi ilə görüşüb
5
19 fevral 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Avstriyanın paytaxtı Vyana şəhərinə rəsmi səfəri çərçivəsində Qazaxıstan Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) yanında Daimi Nümayəndəsi və Qazaxıstan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Muxtar Tileuberdi ilə ikitərəfli görüş keçirib. Görüş ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası çərçivəsində baş tutub.
Görüş zamanı TÜRKPA-nın son dövrlərdə həyata keçirdiyi aktiv fəaliyyət, eləcə də TÜRKPA ilə ATƏT və ATƏT PA arasında mövcud əlaqələrin inkişafı istiqamətində atılan addımlar müzakirə olunub.
Bununla yanaşı, Qazaxıstanın fəaliyyətdə olan sədrliyi çərçivəsində TÜRKPA-nın həyata keçirdiyi yeni layihələr, həmçinin təşkilatın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi məqsədilə başladılmış proses barədə ətraflı məlumat verilib. Bu məqsədlə toplanmış imzalar, eləcə də Qazaxıstanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri tərəfindən imzalanmış məktub və göstərilə biləcək müvafiq dəstəklər də diqqətə çatdırılıb. TÜRKPA-nın Baş katibi ATƏT yanında Qazaxıstanın rəsmi nümayəndəsi cənab Muxtar Tileuberdiyə bu məsələlərlə bağlı ətraflı məlumat verib.
Öz növbəsində, cənab səfir Muxtar Tileuberdi TÜRKPA-nın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Cənab səfir Qazaxıstanın TÜRKPA-nın qurucu dövlətlərindən biri olduğunu və mövcud sədrliyi dövründə təşkilatın fəaliyyətinə xüsusi önəm verdiyini, atılan bütün addımlara lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb. O cümlədən, ATƏT və ATƏT PA çərçivəsində TÜRKPA-nın həyata keçirəcəyi fəaliyyətlərə və müşahidəçi statusu əldə etməsi istiqamətində atdığı addımlara lazımi dəstəyin göstəriləcəyini bildirib. Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, həmçinin müşahidəçi üzv olan Macarıstanın bu prosesdə aktiv birgə iştirakının və ortaq Yol Xəritəsinin həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Səfir Tileuberdi, həmçinin Ramil Həsənin TÜRKPA-nın Baş katibi vəzifəsinə ikinci müddətə yenidən seçilməsi münasibətilə məmnunluğunu ifadə edib və təşkilatın qarşıdakı illərdə də inkişaf edəcəyinə, institusional rolunu daha da gücləndirəcəyinə əminliyini bildirib.
Görüş zamanı cənab Tileuberdi TÜRKPA-nın Qazaxıstan üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, onun türk dövlətləri arasında parlamentlərarası dialoqun gücləndirilməsində və əməkdaşlığın dərinləşdirilməsində mühüm rol oynadığını qeyd edib. O, qarşılıqlı fəaliyyətin və koordinasiyanın daha da gücləndirilməsinin vacibliyini bildirib, həmçinin TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsinə yönəlmiş səylərin dəstəklənməsi məqsədilə ATƏT PA platformasından maksimum dərəcədə istifadə olunmasının zəruriliyini vurğulayıb və Qazaxıstanın bu məqsədə sadiqliyinin davam etdiyini bir daha təsdiq edib.
Tərəflər, həmçinin mart ayında Qazaxıstan Respublikasında keçirilməsi planlaşdırılan Referenduma dair məsələləri müzakirə ediblər.
Baş katib cənab Ramil Həsən qeyd edib ki, TÜRKPA Beynəlxalq Katibliyi artıq Qazaxıstanda qısa müddətli monitorinqin həyata keçirilməsi məqsədilə beynəlxalq müşahidə missiyasının formalaşdırılmasına və bununla bağlı hazırlıq prosesinə başlayıb.
Eyni zamanda, TÜRKPA-nın Baş katibi cənab səfir Muxtar Tileuberdiyə rəsmi səfər çərçivəsində ATƏT-in Baş katibi cənab Feridun H. Sinirlioğlu ilə baş tutmuş görüşlə bağlı ətraflı məlumat verib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Qazaxıstan tərəfindən daimi nümayəndənin müavini Kayrat Malayev, TÜRKPA-dan Baş katibin müavini Muhammet Alper Hayali, Komissiya katibi Aynurə Abutalıbova və Protokol xidmətinin müdiri Yadigar Məmmədov iştirak edib.