TÜRKPA Baş katibi Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
0
TÜRKPA Baş katibi cənab Ramil Həsən Qazaxıstanın paytaxtı Astana şəhərinə rəsmi səfəri çərçivəsində ölkənin Konstitusiya Məhkəməsinin sədri xanım Elvira Əzimova ilə görüşüb.
Görüş zamanı xanım Elvira Əzimova Qazaxıstan Konstitusiyasının təxminən 84 faizinin dəyişilməsini nəzərdə tutan ümumxalq referendumunun nəticələri, eləcə də bu islahatların Qazaxıstanın gələcək inkişafına verəcəyi mühüm töhfələr barədə məlumat verib. O, həmçinin sözügedən yeniliklərin gələcəkdə Model qanunlar çərçivəsində digər qardaş türk dövlətlərinin islahat proseslərində tətbiq oluna biləcəyini qeyd edib.
Öz növbəsində, Baş katib cənab Ramil Həsən səmimi qəbula görə xanım Elvira Əzimovaya minnətdarlığını bildirərək, Qazaxıstan tarixindəki bu yeni mühüm mərhələ münasibətilə qardaş Qazaxıstan xalqını təbrik edib. Cənab Ramil Həsən islahatlara yönəlmiş Konstitusiya dəyişikliklərinin Qazaxıstan xalqının inkişafında mühüm töhfə verəcəyini vurğulayaraq, gələcəkdə parlamentlərarası əməkdaşlıq çərçivəsində Konstitusiyada əksini tapan mühüm yeniliklərin qanunvericilik sahəsində model qanunlar vasitəsilə tətbiqi bütün üzv dövlətlər üçün faydalı ola biləcəyini qeyd edib.
Görüşdə TÜRKPA Baş katibinin müavini Talqat Aduov, Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsi sədrinin müavini Bakıt Nurmuxanov, Beynəlxalq əməkdaşlıq və təşkilati təminat şöbəsinin müdiri Janna Nazarova, həmin şöbənin müdir müavini Bibigül Asılova, Müraciətlərin ilkin baxılması və qəbul şöbəsinin müdiri Elmira Kaliyeva, Analitika və konstitusiya icraatı şöbəsinin müdiri Amir Umarov, həmçinin Beynəlxalq əməkdaşlıq və protokol sektorunun müdiri Juldız Kamzina da iştirak ediblər.