TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media

TÜRKPA Baş katibi İƏT TEM-in İcraçı direktorunu qəbul edib

Tarix
Şəkil sayı
0

10 mart 2026-cı il tarixində TÜRKPA Baş katibi cənab Ramil Həsən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (TEM) İcraçı direktoru Aysel Yaqubovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Səmimi qəbula görə dərin minnətdarlığını bildirən Aysel Yaqubova, görüş zamanı İƏT TEM-in yaradılması barədə ətraflı məlumat verərək, İƏT ilə Türk dövlətləri arasında mövcud olan uzunmüddətli əlaqələri diqqətə çatdırıb. O, həmçinin türk dünyası üçün enerji sahəsinin xüsusi əhəmiyyətini qeyd edərək bölgədə bərpa olunan enerji sahəsinin inkişafının vacibliyini vurğulayıb.

Öz növbəsində, cənab Ramil Həsən TURKPA üzv dövlətlərinin İƏT-in hüquqi bazasının formalaşmasında vaxtilə verdiyi töhfələrini diqqətə çatdırıb. O, həmçinin TURKPA üzv dövlətlərinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji rolunu vurğulayıb. Bu kontekstdə Baş katib TÜRKPA daimi komissiyaları tərəfindən bu sahədə aparılan işlər barədə məlumat verib.

Tərəflər, həmçinin milli qanunvericilik sistemləri arasındakı mövcud fərqlərin bəzən enerji sahəsində yeni layihələrin həyata keçirilməsində və normativ bazanın müəyyənləşdirilməsində yarada biləcəyi çətinlikləri qeyd edib. Bu baxımdan, enerji sektoru və təbii resurslarla bağlı Model Qanunların hazırlanması üzrə birgə işin aparılması və İƏT TEM ekspertlərinin yaxında keçiriləcək Komissiya iclaslarını müşahidə etməsinə imkan yaradılması barədə razılıq əldə edilib.

Görüşdə, həmçinin TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən Baş katibin müavini Talqat Aduov, Komissiya katibi Aynurə Abutalıbova və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Fidan Məcidli, İƏT TEM-dən isə Media və kommunikasiya üzrə məsul şəxs Asif Məmmədzadə və Layihə koordinatoru Nigar Şükürova iştirak edib.