TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media

TÜRKPA Baş katibi ATƏT-in Baş katibi ilə görüşüb

Tarix
Şəkil sayı
3

18 fevral 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Avstriyanın paytaxtı Vyana şəhərinə rəsmi səfəri çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi səfir cənab Feridun H. Sinirlioğlu ilə görüşüb.

Görüş əsnasında 2010-cu ildən etibarən davam edən ATƏT, ATƏT PA və TÜRKPA arasındakı əlaqələrin cari vəziyyəti, TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusunun əldə edilməsi ilə bağlı başladılan proses, bu istiqamətdə mümkün dəstəyin əldə edilməsi, həmçinin sülhə və əmin amanlığa, konfliktlərin sülh yolu ilə həlli istiqamətində TÜRKPA-nın qurucu dövlətlərinin həyata keçirdiyi xarici siyasətə müvafiq surətdə ATƏT və TÜRKPA-nın gələcək əməkdaşlığı və bu əməkdaşlıq çərçivəsində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında TÜRKPA-nın yenidən iştirakı ilə bağlı məsələlər müzakirə edilib.

Baş katib qeyd edilən məsələlərlə bağlı ATƏT və Baş katib səfir Feridun Sinirlioğlu tərəfindən göstərilə biləcək dəstək və töhfənin əhəmiyyətini vurğulayıb.

Öz növbəsində, səfir Feridun Sinirlioğlu TÜRKPA Baş katibini ATƏT missiyasında salamlamaqdan məmnunluğunu ifadə edərək ona, həmçinin TDT-də həyata keçirdiyi fəaliyyətlərinə görə də təşəkkür edib. Cənab Sinirlioğlu TÜRKPA-nın gələcək fəaliyyətinə uğurlar arzu edərək TÜRKPA və ATƏT-in mövcud əməkdaşlıq imkanlarına xüsusi diqqət yetiriləcəyini və ATƏT-in səlahiyyətləri çərçivəsində verilə biləcək dəstəklər istiqamətində fikirlərini ifadə edib.

ATƏT Baş katibi səfir Sinirlioğlu, həmçinin Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin dünya ölkələri və ATƏT-in üzv ölkələri üçün xüsusi əhəmiyyət daşıdığını və sülhə xidmət etdiyini, bu baxımdan TDT və TÜRKPA-nın ATƏT üçün də önəmini vurğulayıb. O, Türk dünyasının ortaq məqsədlərinə sahib çıxmaq və ümumbəşəri dəyərlərin daha da gücləndirilməsinə töhfə verməyə hər zaman hazır olduğunu bildirib.

Həmçinin görüşdə TÜRKPA tərəfindən cari ilin may ayında İstanbul şəhərində keçirilməsi planlaşdırılan “Avrasiyada yeni əməkdaşlıq: Strateji münasibətlərin inkişafında TÜRKPA-nın rolu və parlament diplomatiyası” mövzulu konfransla bağlı fikir mübadiləsi aparılıb, ATƏT Baş katibinin və ATƏT-in müvafiq institutlarının nümayəndələrinin bu beynəlxalq konfransda iştirakı ilə bağlı məsələlər müzakirə edilib, eləcə də digər qarşılıqlı maraq kəsb edən məqamlar haqqında danışılıb.

Görüşdə ATƏT tərəfindən xüsusi baş müşavir Zeynep Çelikel, baş məsləhətçi Andres Salvoni, icraçı direktor Piter Spor, TÜRKPA Beynəlxalq Katibliyindən Baş katibin müavini Muhammet Alper Hayali, Komissiya katibi Aynur Abutalıbova və Protokol xidmətinin müdiri Yadigar Məmmədov iştirak edib.