TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media

Qırğız Parlamentinin sədri TÜRKPA Baş katibini qəbul edib

Tarix
Şəkil sayı
0

12 mart 2026-cı il tarixində Bişkek şəhərində Qırğız Respublikası Joqorku Keneşinin sədri cənab Marlen Mamataliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsəni qəbul edib.

Baş katib cənab Mamataliyevi Joqorku Keneşin sədri seçilməsi münasibətilə təbrik edib və Qırğızıstanın TÜRKPA-nın qurucu üzv dövlətlərindən biri olduğunu vurğulayaraq, ölkə parlamentinin təşkilatın fəaliyyətində bundan sonra da fəal iştirak edəcəyinə inamını ifadə edib.

Görüş zamanı cənab Mamataliyev cənab Ramil Həsən ilə tanışlığından və Qırğız Parlamentində TÜRKPA nümayəndə heyətini qarşılamaqdan məmnunluğunu ifadə edərək, bu gün Assambleyanın türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsində və etimadın inkişafında mühüm rol oynadığını bildirib. Cənab Mamataliyev, həmçinin Qırğız Respublikasının yeni tərkibli Joqorku Keneşinin TÜRKPA çərçivəsində əməkdaşlığın ardıcıl davam etdirilməsinə, həmçinin əvvəlki razılaşmaların icrasına tam hazır olduğunu vurğulayıb.

Qırğızıstan parlamentinin sədri TÜRKPA-nın həyata keçirdiyi fəaliyyətlərdə bundan sonra da aktiv iştirak edəcəyini, qəbul edilmiş qərarların icrası üçün zəruri addımları atacağını bildirib. Cənab Mamataliyev TÜRKPA-nın qarşıdakı komissiya iclasları, eləcə də bu il Bişkek şəhərində keçiriləcək plenar sessiya ilə bağlı hazırlıqlar üçün artıq müvafiq təlimatların verildiyini diqqətə çatdırıb.

Öz növbəsində, TÜRKPA Baş katibi son beş ay ərzində təşkilatın həyata keçirdiyi fəaliyyətlər barədə ətraflı məlumat verib. O, xüsusilə TÜRKPA-nın ATƏT Parlament Assambleyası (ATƏT PA) ilə münasibətlərinin inkişafı, ATƏT PA-da müşahidəçi statusunun əldə olunması istiqamətində görülən işlər, eləcə də digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi ilə bağlı həyata keçirilən təşəbbüslər barədə məlumat verib.

Bununla yanaşı, cənab Ramil Həsən TÜRKPA-nın beynəlxalq müşahidə missiyasının Qazaxıstanda konstitusiya islahatlarına dair keçiriləcək referendumda iştirak edəcəyini və TÜRKPA nümayəndə heyətinin referendum prosesini Astana, Almatı və Türküstan şəhərlərində izləyəcəyini qeyd edib. Baş katib, Qazaxıstana səfər çərçivəsində Qazaxıstan Respublikası Parlamenti Senatının sədri cənab Maulen Aşimbayev və Qazaxıstan Məclisinin sədri, eyni zamanda TÜRKPA-nın fəaliyyətdə olan sədri cənab Yerlan Koşanov ilə keçiriləcək görüşlər barədə də məlumat verib.

Görüş zamanı cənab Ramil Həsən TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin ilk qeyri-rəsmi görüşünün 16 aprel 2026-cı il tarixində Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində İstanbul şəhərində keçiriləcəyini və bu tədbirə hazırlıq mərhələsinin artıq başladıldığını qeyd edib. O, bu təşəbbüsü TÜRKPA üzv dövlətlərin parlamentləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək addım kimi qiymətləndirib. Cənab Ramil Həsən, həmçinin yaxın zamanda keçirilməsi planlaşdırılan TÜRKPA-nın İqtisadi əməkdaşlıq və Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyalarının iclasları barədə məlumat verib.

Bununla əlaqədar olaraq, cənab Mamataliyev, cari ilin aprel ayında Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan parlament sədrlərinin qeyri-rəsmi görüşündə iştirak edəcəyini qeyd edib. O, TÜRKPA Beynəlxalq Katibliyinə fəaliyyətində uğurlar arzulayaraq, Qırğızıstanda keçirilməsi nəzərdə tutulan TÜRKPA daimi komissiyalarının iclaslarının önəmini vurğulayıb və Assambleyanın hüquqi, eləcə də institusional çərçivəsinin daha da gücləndirilməsini təşviq edən tədbirlərin keçirilməsi təşəbbüsünü irəli sürüb.

Səmimi şəraitdə keçən görüş xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Görüşdə TÜRKPA Baş katibini Komissiya katibi Aynurə Abutalıbova və Təşkilati və İnzibati məsələlər üzrə katib Ələsgər Ağayev müşayiət edib.