KKTC Baş naziri TÜRKPA Baş katibinə nəzakət ziyarəti edib
0
3 aprel 2026-cı il tarixində Kuzey Kıbrıs Türk Cumhuriyetinin (KKTC) Baş naziri cənab Ünal Üstel Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsənə nəzakət ziyarəti edib.
KKTC Baş nazirini səmimiyyətlə salamlayan Baş katib, mötəbər qonağı TÜRKPA Beynəlxalq Katibliyində qəbul etməkdən məmnunluğunu ifadə edib. O, həmçinin ötən gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşündə etdiyi çıxış münasibətilə Baş nazir Ünal Üsteli təbrik edib. KKTC Məclisinin TÜRKPA-da müşahidəçi qismində fəal iştirakını vurğulayan Baş katib cənab Ramil Həsən KKTC-nin müntəzəm olaraq TÜRKPA-nın fəaliyyətlərinə dəvət edildiyini qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və davamlı dəstəyi sayəsində KKTC-nin Azərbaycanda keçirilən TDT-nin bütün müvafiq iclaslarında ən yüksək səviyyədə təmsil olunduğunu vurğulayıb.
TÜRKPA Baş katibi nümayəndə heyətinə təşkilatın qarşıdakı fəaliyyəti barədə ətraflı məlumat verib. Bu kontekstdə o, KKTC Məclisinin sədri cənab Ziya Öztürklerin Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində ilk dəfə keçiriləcək TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin qeyri-rəsmi görüşünə dəvət edildiyini xatırladıb. Baş katib TÜRKPA daxilində keçiriləcək bu cür qeyri-rəsmi görüşlərin qərarların icrasını asanlaşdırmaq və plenar iclaslara hazırlıq platforması rolunu oynamaq məqsədi daşıdığını qeyd edib.
Öz növbəsində, KKTC-nin Baş naziri qardaş Azərbaycanda olmaqdan və xüsusilə TÜRKPA-nın Beynəlxalq Katibliyini ziyarət etməkdən məmnunluğunu bildirib. O, KKTC və Azərbaycan arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq çərçivəsinin qurulduğunu qeyd edərək, yaxın gələcəkdə bənzər formatların digər türk dövlətlərinə də şamil olunacağına əminliyini ifadə edib. Baş nazir, həmçinin son proseslərin KKTC-nin Şərqi Aralıq dənizindəki strateji əhəmiyyətini daha da artırdığını diqqətə çatdırıb. O, KKTC-nin milli məramına verdiyi sarsılmaz və prinsipial dəstəyə görə cənab İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığını bildirib.
Cənab Üstel, həmçinin ölkəsinin işçi qüvvəsinə olan ehtiyacın təmin edilməsində türk dövlətlərinin potensialından istifadə imkanlarına da toxunub.
Baş naziri Azərbaycana rəsmi səfəri çərçivəsində müşayiət edən nümayəndə heyətinə Cümhuriyyət Məclisinin üzvü Ali Pilli, Baş Nazirliyin müstəşarı Berhan Ongan, siyasi müşavir İlgen Bağcier, Baş nazirin Katibliyinin rəisi Özdemir Tokel, KKTC-nin Bakıdakı nümayəndəsi, səfir Ufuk Turganer və KKTC-nin Bakıdakı nümayəndəliyinin üçüncü katibi Görkem Reis daxil olublar.
Görüşdə TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, komissiya katibləri Aynurə Abutalıbova, Bauırjan Datkayev və Kadir Yaman, protokol xidmətinin rəisi Yadigar Məmmədov, Baş katibin köməkçisi Tahmina Bakiyeva və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Fidan Məcidli iştirak ediblər.
Görüşün sonunda tərəflər arasında qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.