TÜRKPA Özbəkistanda İslam Sivilizasiyası Mərkəzinin təqdimat mərasimində iştirak edib
26 oktyabr 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini Bektur Bazakeçov Bakı şəhərində keçirilən Özbəkistanda İslam Sivilizasiyası Mərkəzinin təqdimat mərasimində iştirak edib.
Təqdimat mərasimində Azərbaycanın və Özbəkistanın dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun üzvləri, müvafiq parlamentlərin deputatları, din xadimləri, tanınmış alimlər, tədqiqatçılar və mədəniyyət sahəsi üzrə ekspertlər iştirak ediblər.
Tədbir çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaradılmış İslam Sivilizasiyası Mərkəzinin fəaliyyəti və missiyası barədə məlumat təqdim olunub.
Tədbirdə Mərkəzin böyük əcdadların elmi və mənəvi irsinin öyrənilməsinə, İslam sivilizasiyasının dünya elminin və mədəniyyətinin inkişafına verdiyi əvəzsiz töhfənin nümayiş etdirilməsinə, eləcə də bu zəngin irsin gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm elmi və mədəniyyət müəssisəsi olduğu vurğulanıb.
Tədbir çərçivəsində, həmçinin “Özbəkistan və Azərbaycan: ortaq tarixi irs, İslam sivilizasiyası və müasir elmi əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.