TÜRKPA üzv dövlətlərinin Parlament Sədrlərinin 1-ci qeyri-rəsmi görüşü baş tutub
128
16 aprel 2026-cı il tarixində İstanbul şəhərində, Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin, müşahidəçi dövlətlərin, habelə Türkmənistan və Özbəkistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə 1-ci qeyri-rəsmi görüşü baş tutub.
Türkiyə Böyük Millət Məclisinin sədri Prof. Dr. Numan Kurtulmuşun ev sahibliyi ilə baş tutan görüşdə TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri cənab Yerlan Koşanov, Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarova, Qırğız Respublikası Joqorku Keneşinin sədri cənab Marlen Mamataliev, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri xanım Tanzila Narbayeva, Macarıstan Milli Assambleyası sədrinin birinci müavini xanım Marta Matrai, Kuzey Kıbrıs Türk Cumhuriyeti (KKTC) Respublika Məclisi sədrinin müavini xanım Fazilet Özdenefe, Türkmənistan Parlamentinin Beynəlxalq və parlamentlərarası əlaqələr komissiyasının sədri Maksat Kuliyev və TÜRKPA Baş katibi cənab Ramil Həsən iştirak ediblər.
Görüş zamanı qardaş dövlətlərin parlament sədrləri TÜRKPA-nın son dövrlərdəki fəaliyyətini yüksək qiymətləndirib, siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafı, xüsusilə təşkilat daxilində vahid qanunvericilik bazasının və Model Qanunların hazırlanması və tətbiqi istiqamətində birgə səylərə tam dəstəyini bir daha ifadə ediblər.
Görüş Baş katib cənab Ramil Həsənin son altı ay ərzində həyata keçirilmiş fəaliyyətlər, o cümlədən üzv və müşahidəçi dövlətlərin parlament rəhbərləri və xarici işlər nazirləri ilə keçirilmiş görüşlər barədə hesabatı ilə davam edib. Baş katib TÜRKPA-nın islahat prosesi çərçivəsində yeni hüquqi sənədlərin hazırlanmasının başa çatdığını və üzv dövlətlərin bu barədə rəsmi şəkildə məlumatlandırıldığını qeyd edib. Həmçinin 2027–2028-ci illər üçün Büdcə Proqramının yekunlaşdırıldığı və TÜRKPA-nın bu istiqamətdə üzv dövlətlərin dəstəyini gözlədiyi vurğulanıb.
Özbəkistan Respublikası Ali Məclisi Senatının yaxın vaxtlarda TÜRKPA-nın tamhüquqlu üzvünə çevriləcəyinə dair inamını ifadə edən Baş katib, təşkilatın Türkmənistan, Macarıstan və KKTC ilə genişlənən əməkdaşlığını da xüsusi qeyd edib. Cənab Həsən, cari ilin sentyabr ayında Türkiyədə keçirilməsi planlaşdırılan “Avrasiyada yeni əməkdaşlıq: Strateji münasibətlərin inkişafında TÜRKPA-nın rolu və parlament diplomatiyası” mövzusunda konfransa ev sahibliyi edəcəyi üçün Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuşa səmimi minnətdarlığını çatdırıb.
Qeyri-rəsmi görüş ailə fotosu və iştirakçıların TÜRKPA-nın cari fəaliyyətinə, eləcə də Baş katib tərəfindən təqdim olunan hesabatda əksini tapan məsələlərə tam dəstəyini yenidən bildirmələri ilə başa çatıb.
Tədbirdə TÜRKPA Beynəlxalq Katibliyi Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, Komissiya katibi Aynurə Abutalıbova, Protokol xidmətinin rəhbəri Yadigar Məmmədov, Təşkilati və inzibati məsələlər üzrə katib Ələsgər Ağayev, Hüquq məsələləri üzrə mütəxəssis Azər Məmmədov və Baş katibin köməkçisi Tahmina Bakiyeva tərəfindən təmsil olunub.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026