TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının 13-cü iclası
84
7 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Milli Məclisində İqtisadi əməkdaşlıq komissiyasının 13-cü iclası baş tutub. Sessiya "TÜRKPA üzv dövlətlərinin birgə iqtisadi fəaliyyətinin həyata keçirilməsinin reallıqları və perspektivləri" mövzusuna həsr olunub.
İclasa Komissiyanın sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı cənab Anas Bakkojayev sədrlik edib. Açılış mərasimində komissiyanın sədri Anas Bakkojayev və komissiyanın digər üzvləri – Azərbaycan Respublikası Milli Məclisinin üzvləri cənab Ağalar Vəliyev və cənab Fazil Mustafa, Qırğız Respublikası Joqorku Keneşinin üzvü cənab Bekmurza Ergeşov, Türkiyə Böyük Millət Məclisinin üzvləri cənab Mahmut Rıdvan Nazırlı və cənab Cemal Enginyurt, Macarıstanın Azərbaycandakı səfiri cənab Tamás Torma, Kuzey Kıbrıs Türk Cumhuriyetinin (KKTC) Bakıdakı nümayəndəsi xanım Ufuk Turganer və TÜRKPA Baş katibinin müavini cənab Muhammet Alper Hayali çıxış ediblər.
Çıxışlardan sonra Komissiya üzvləri gündəlikdəki məsələləri müzakirə edib və TÜRKPA üzv ölkələri arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, müasir çağırışların aradan qaldırılması, fəaliyyətlərin əlaqələndirilməsi və qlobal həmçinin regional təhdidlər qarşısında Türk dünyasının birləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Cənab Bauırjan Datkayevin moderatorluq etdiyi seminar sessiyasında Komissiyanın sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı cənab Anas Bakkojayev, Azərbaycan Respublikası Milli Məclisinin üzvü cənab Fazil Mustafa, Qırğız Respublikası Joqorku Keneşinin üzvü cənab Bekmurza Ergeşov, Türkiyə Böyük Millət Məclisinin üzvü cənab Mahmut Rıdvan Nazırlı, TÜRKPA Baş katibinin müavini cənab Muhammet Alper Hayali, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin Sənaye siyasəti sektorunun müdiri cənab Zaur Məmmədov, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin ticarət üzrə başmüşaviri xanım Gülizar Yavaş və Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (ƏTİT) Katibliyinin Beynəlxalq əməkdaşlıq departamentinin direktoru cənab İsrail Tilegen təqdimatla çıxış ediblər.
Çıxışlardan sonra görüş və seminar zamanı aparılan müzakirələrdə iqtisadi əməkdaşlığın perspektivli istiqamətləri, o cümlədən türk dövlətlərində ət bazarının inkişafı, iqtisadiyyatın müxtəlif sahələrində ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub. TÜRKPA üzv dövlətlərinin iqtisadiyyatın müxtəlif sahələrində mümkün birgə əməkdaşlıq layihələri xüsusi vurğulanıb.
Komissiya əsas məsələ üzrə hesabat və tövsiyələri, habelə Komissiya çərçivəsində hazırlanmış, cari ilin oktyabr ayında Qırğız Respublikasında keçiriləcək TÜRKPA-nın 15-ci Plenar Sessiyasına təqdim edilməli olan “Birgə müəssisələr haqqında” model qanun layihəsini müzakirə edərək təsdiqlənib.
Komissiya növbəti iclasını 2027-ci ildə Qazaxıstanda “TÜRKPA üzv dövlətlərində iqtisadi təhlükəsizliyin təmin edilməsi: tətbiq ediləcək bir model kimi müsbət təcrübə” əsas mövzusu üzrə keçirməyə və Komissiyanın 2027-ci il üçün iş planı çərçivəsində “Ağıllı şəhər və kənd haqqında” model qanun layihəsini hazırlamağa qərar verib.
Seminarın məqsədi böyük iqtisadi potensiala, müxtəlif resurslara və birgə iqtisadi fəaliyyətin gücləndirilməsi və regional inteqrasiyanın dərinləşdirilməsi üçün möhkəm zəmin yaradan ortaq tarixi və mədəni məkana malik olan TÜRKPA üzv dövlətləri arasında iqtisadi əməkdaşlıq sahəsində bilik mübadiləsini asanlaşdırması olub.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026