TÜRKPA müşahidəçiləri Türkistanda görüşlər keçiriblər
72
14 mart 2026-cı ildə TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyasının Türkistan qrupu Qazaxıstanda 15 mart 2026-cı il tarixində keçiriləcək Konstitusiya referendumunun qısamüddətli müşahidəsi çərçivəsində Türkistan şəhərində görüşlər keçiriblər.
Missiya üzvləri ilk olaraq Türkistan şəhərinin akimi cənab Azimbek Pazılbekulı ilə görüşüblər. TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavini və Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı cənab Tahir Akyürek səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Türkistan ilə öz doğma şəhəri Konya arasındakı sıx mədəni əlaqələri vurğulayaraq, bu şəhərləri iki qardaş türk şəhəri kimi səciyyələndirib. Cənab Tahir Akyürek ümumxalq referendumunun təyin edilməsi haqqında Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev tərəfindən 11 fevral 2026-cı il tarixində imzalanmış Sərəncama toxunaraq, bu hadisənin Qazaxıstan üçün böyük əhəmiyyət kəsb etdiyini və türk dünyası üçün dərin məna daşıdığını vurğulayıb.
TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü və TBMM-in deputatı xanım Filiz Kılıç Türkistanın dinamik inkişaf edən şəhər və Qazaxıstanın mənəvi mərkəzi olduğunu vurğulayıb. O, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının üzvü və TBMM-in deputatı cənab Kadim Durmaz ilə birlikdə şəhər rəhbərliyinə göstərilən səmimi qəbula görə təşəkkür edib və Missiyanın referendumun müstəqil və qərəzsiz beynəlxalq müşahidəsinin həyata keçirilməsinə sadiqliyini bir daha təsdiqləyib.
Şəhər akimi cənab Azimbek Pazılbekulı çıxışında Türkistanı Qazaxıstanın və bütün Türk dünyasının mədəni və mənəvi ürəyi kimi təsvir edib. O, Xoca Əhməd Yəsəvi məqbərəsinin əhəmiyyətini qeyd edərək, 2018-ci ildə Türkistan şəhərinin Türkistan əyalətinin inzibati mərkəzi olmasından sonra şəhərin sürətlə inkişaf etdiyini bildirib. Akim şəhərin referenduma tam hazır olduğunu Missiya üzvlərinin diqqətinə çatdırıb, həmçinin Türkistanda keçiriləcək və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, səkkiz dövlət başçısını bir araya gətirəcək qarşıdakı beynəlxalq sammitə toxunub.
Daha sonra TÜRKPA müşahidəçiləri Türkistan əyalətinin Ərazi Referendum Komissiyasının sədri cənab Ansar Userbayev ilə görüşüblər. Sədr Missiya üzvlərinə ümumxalq referendumuna hazırlıqlar barədə məlumat verib. O, əyalətdəki bütün səsvermə məntəqələrinin tam təchiz olunduğunu və fəaliyyət göstərdiyini, o cümlədən əlilliyi olan şəxslər, habelə eşitmə və görmə məhdudiyyətli vətəndaşlar üçün əlçatanlığı təmin edən infrastruktur və yardımçı vasitələrlə təmin edildiyini qeyd edib. Həmçinin bütün seçicilərin inklüziv iştirakını təmin etmək üçün xüsusi tədbirlər görülüb.
Cənab Ansar Userbayev beynəlxalq müşahidə missiyalarının vacibliyini vurğulayıb və TÜRKPA Missiyasının iştirakını alqışlayaraq, referendumun müstəqil Qazaxıstanın demokratik inkişafında mühüm mərhələ olduğunu qeyd edib.
Öz növbəsində, xanım Filiz Kılıç konstruktiv dialoqa görə təşəkkürünü ifadə edərək, TÜRKPA Missiyasının beynəlxalq standartlara uyğun olaraq müstəqil və qərəzsiz müşahidə aparmağa sadiq olduğunu bir daha vurğulayıb. O, səsvermə prosesinin başa çatmasından sonra Missiyanın öz müşahidəsinin ilkin nəticələrinə dair bəyanat hazırlayıb təqdim edəcəyini qeyd edib.
TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası öz müşahidəsini Qazaxıstanın Astana, Almatı və Türkistan şəhərlərində həyata keçirir. Missiyanın Türkistan qrupunun tərkibinə TÜRKPA komissiyalarının və TBMM-in üzvləri cənab Tahir Akyürek, xanım Filiz Kılıç və cənab Kadim Durmaz, TÜRKPA Beynəlxalq Katibliyinin heyəti – komissiya katibi cənab Kadir Yaman və tədqiqat üzrə mütəxəssis xanım Kamila Müzəffərli, həmçinin Türkiyə parlamentinin əməkdaşı, qanunvericilik eksperti cənab Ercan Durdular daxildir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026