TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Missiyası Qazaxıstan MSK-nın sədri ilə görüşüb

TÜRKPA Missiyası Qazaxıstan MSK-nın sədri ilə görüşüb

Tarix
Baxış
79

13 mart 2026-cı il tarixində Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentariləri, parlament əməkdaşları və TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri cənab Nurlan Abdirov ilə görüşüb.

Missiyanı salamlayan cənab Abdirov Qazaxıstan Mərkəzi Seçki Komissiyasının uzun illərdir ki, TÜRKPA ilə əməkdaşlıq etdiyini vurğulayıb. O, TÜRKPA-nı müşahidə prosesində iştiraka dəvət etməkdən böyük məmnunluq duyduğunu bildirərək, təşkilatın aktiv fəaliyyətini xüsusi qiymətləndirib. Qazaxıstan üçün belə əhəmiyyətli bir məqamda iştiraka görə TÜRKPA-ya təşəkkür edən sədr, təşkilatın ölkədə keçirilən seçkilərin müşahidəsində uzun müddətdir ki, yaxından iştirak etdiyini qeyd edib. "TÜRKPA sayəsində qazaxıstanlı müşahidəçilər də beynəlxalq seçki müşahidə missiyalarında iştirak etmək imkanı qazanırlar", - deyə MSK sədri əlavə edib.

Öz növbəsində, missiyanın rəhbəri, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü cənab Osman Mesten "ata torpaqlarına" dəvətə və səmimi qəbula görə cənab Abdirova dərin təşəkkürünü bildirib. O, TÜRKPA-nın Beynəlxalq Referendum Müşahidə Missiyasının Astana ilə yanaşı olaraq, Almatı və Türküstan şəhərlərində də qısamüddətli monitorinqlər aparacağını qeyd edib. Bu referendumun vacibliyini vurğulayan cənab Mesten missiya üzvləri ilə birlikdə Qazaxıstana və qazax xalqına ən xoş arzularını çatdırıb, bu demokratik prosesin ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

MSK sədri Qazaxıstan ümumxalq referendumu ilə bağlı genişmiqyaslı hazırlıq işlərinin başa çatdığı və ölkə üzrə 10 000-dən çox seçki məntəqəsinin tam hazır vəziyyətdə olduğu barədə məlumat verib. Cənab Abdirov mərkəzi və ərazi referendum komissiyalarının akkreditasiya fəaliyyətinin təşkili və həyata keçirilməsi üçün bütün zəruri addımların atıldığını vurğulayıb. O, akkreditasiya üçün müraciətlərin təqdim edilməsi, nəzərdən keçirilməsi və qeydiyyatının müəyyən edilmiş prosedurlara uyğun aparıldığını bildirib. Sədr əlavə olaraq qeyd edib ki, artıq akkreditasiya prosesi yekunlaşıb və ümumilikdə 256 təşkilat akkreditasiyadan keçib.

Görüşdə TÜRKPA-nın Beynəlxalq Referendum Müşahidə Missiyasının üzvləri – TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, Qırğız Respublikası Joqorku Keneşinin deputatı cənab Irısbek Atajanov, TÜRKPA-nın komissiya katibi Aynurə Abutalıbova və TÜRKPA-nın Türkiyə Böyük Millət Məclisindəki nümayəndə heyətinin katibi cənab Kürşat Melih Sarıarslan da iştirak ediblər.