TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA komissiyasının katibi “Terrorizm və zorakı ekstremizm məqsədləri üçün süni intellekt və yeni texnologiyalardan istifadənin qarşısının alınması və onlara qarşı mübarizə tədbirləri” mövzusunda 2-ci parlament təlim proqramında iştirak edib

TÜRKPA komissiyasının katibi “Terrorizm və zorakı ekstremizm məqsədləri üçün süni intellekt və yeni texnologiyalardan istifadənin qarşısının alınması və onlara qarşı mübarizə tədbirləri” mövzusunda 2-ci parlament təlim proqramında iştirak edib

Tarix
Baxış
4
11–13 fevral 2026-cı il tarixlərində Parlamentlərarası Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Hüquq məsələlər və beynəlxalq əlaqələr komissiyasının katibi Dr. Kadir Yaman Filippinin paytaxtı Manila şəhərində keçirilmiş “Terrorizm və zorakı ekstremizm məqsədləri üçün süni intellekt və yeni texnologiyalardan istifadənin qarşısının alınması və onlara qarşı mübarizə tədbirləri” mövzusunda 2-ci parlament təlim proqramında iştirak edib. Təlim proqramı Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsinin Terrorizmin Qarşısının Alınması və Onunla Mübarizə üzrə Parlament İştirakı Proqram Ofisi tərəfindən Qətər Dövləti Şura Məclisinin dəstəyi, həmçinin ASEAN Parlamentlərarası Assambleyasının (PA) və Filippinin Nümayəndələr Palatası ilə tərəfdaşlıq əsasında təşkil edilib. Sözügedən təşəbbüs 2025-ci ilin noyabr ayında İordaniyanın Amman şəhərində keçirilmiş ilk parlament təliminin davamı kimi həyata keçirilib. Bu ikinci parlament potensialının artırılması təşəbbüsü süni intellektdən və inkişaf etməkdə olan texnologiyalardan terrorçuların sui-istifadəsinin qarşısını almaq üçün qanunvericilik və nəzarət imkanlarını gücləndirməyi hədəfləyib. Xüsusilə innovasiyanı təşviq edən, təhlükəsizliyi təmin edən və insan hüquqlarına tam hörmət edən balanslaşdırılmış yanaşmanın təşviq edilməsinə diqqət yetirilib. Müzakirələr beynəlxalq insan hüquqları qanunvericiliyinə, beynəlxalq humanitar hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq aparılıb. İştirakçılar həmçinin gələcək parlament fəaliyyətinə və izləmə mexanizmlərinə rəhbərlik etmək üçün qısa nəticə sənədinin hazırlanmasını da nəzərdən keçirilib. Proqram, AİPA üzv dövlətlərindən olan parlament üzvləri və əməkdaşları, eləcə də parlament assambleyalarının və beynəlxalq təşkilatların nümayəndələri daxil olmaqla 60-dan çox iştirakçını bir araya gətirib. 11 fevral 2026-cı il tarixində keçirilmiş açılış mərasimində AİPA-nın Prezidenti və Filippinin Nümayəndələr Palatasının spikeri cənab Faustino “Bojie” G. Dy III çıxış edib. Təlim çərçivəsində süni intellekt və yeni texnologiyaların idarə olunması və tənzimlənməsi mexanizmləri, hüquqa əsaslanan tənzimləmə yanaşmaları, parlament nəzarətinin gücləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və yaranan təhdidlərə effektiv cavab verilməsi məqsədilə model qanunvericilik çərçivəsinin formalaşdırılması məsələləri müzakirə edilib. Müzakirələr zamanı Dr. Kadir Yaman parlamentlərin süni intellektin potensial risklərini düzgün qiymətləndirməsi, qabaqlayıcı tədbirlərin görülməsi və bu texnologiyalardan terror məqsədləri üçün sui-istifadənin qarşısının alınmasında mühüm rolunu vurğulayıb. O, süni intellekt texnologiyalarının inkişafı və tətbiqinin terror məqsədləri üçün istifadədən qorunması ilə yanaşı, beynəlxalq insan hüquqlarına tam uyğunluğun təmin edilməsinin vacibliyini qeyd edib. Dr. Kadir Yaman müxtəlif regional təşkilatlar və milli parlamentlər arasında təcrübə mübadiləsinin əhəmiyyətli nəticələr verdiyini bildirib. Tədbirin sonunda iştirakçılara fəal iştiraklarına görə sertifikatlar təqdim edilib. TURKPA, xüsusilə Parlament Assambleyaları arasında Terrorizmə Qarşı Koordinasiya Mexanizmi çərçivəsində BMT-nin Terrorizmlə Mübarizə İdarəsi ilə müntəzəm dialoqunu davam etdirir və terrorizmin qarşısının alınması və onunla mübarizədə kollektiv beynəlxalq səylərə töhfə verməyə hazır olduğunu bildirir.