TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Qazaxıstan Parlamenti Senatının sədri TÜRKPA Beynəlxalq Referendum Müşahidəçi Missiyasını qəbul edib

Qazaxıstan Parlamenti Senatının sədri TÜRKPA Beynəlxalq Referendum Müşahidəçi Missiyasını qəbul edib

Tarix
Baxış
84

13 mart 2026-cı il tarixində Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentəriləri və Parlament əməkdaşları, eləcə də TÜRKPA Beynəlxalq Katibliyi nümayəndələrindən ibarət Beynəlxalq Referendum Müşahidə Missiyası, Baş katib cənab Ramil Həsən və TÜRKPA hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı cənab Osman Mestenin rəhbərliyi altında Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstanda yeni konstitusiya layihəsi üzrə keçiriləcək referendumun qısa müddətli monitorinqi çərçivəsində rəsmi görüşlərə başlayıb.

Görüşlər çərçivəsində Qazaxıstan Respublikası Parlamenti Senatının sədri cənab Maulen Aşimbayev ilə görüş keçirilib. Görüş zamanı cənab Aşimbayev nümayəndə heyətinə mühüm missiya ilə Qazaxıstana səfər etdiklərinə görə minnətdarlığını bildirib. Cənab Aşimbayev, həmçinin Qazaxıstanda həyata keçirilən islahatlar, xüsusilə Konstitusiyaya edilən mühüm dəyişikliklər və 15 mart tarixində baş tutacaq referendum barədə ətraflı məlumat verərək, onun Qazaxıstanın gələcəyinə, ölkənin inkişafına və demokratik təsisatların güclənməsinə mühüm töhfə verəcəyini bildirilib. Bu prosesin həm Qazaxıstanın tarixi, həm də müasir dünyadakı qlobal dəyişikliklərin əhəmiyyətli bir parçası olduğunu qeyd edib.

Spiker Qazaxıstanın bütün türk dövlətləri ilə münasibətlərin inkişafı və möhkəmləndirilməsini davam etdirəcəyini, həmçinin türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirəcəyini bildirib.

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri cənab Osman Mesten səmimi qəbula görə cənab Maulen Aşimbayevə dərin minnətdarlığını ifadə edib. O, TÜRKPA-nın 2010-cu ildən etibarən üzv dövlətlərdəki bütün seçki proseslərini və referendumları yaxından izlədiyini, beynəlxalq müşahidəçi missiyası qismində bu proseslərdə aktiv iştirak etdiyini diqqətə çatdırıb.

Görüşdə iştirak edən TÜRKPA nümayəndə heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı xanım Məlahət İbrahimqızı və Qırğız Respublikası Jogorku Keneşinin deputatı cənab Irısbek Atajanov referendum prosesində qardaş Qazaxıstana uğurlar arzulayıblar. Onlar səsvermənin demokratik şəraitdə keçəcəyinə inandıqlarını bildirərək, beynəlxalq müşahidəçi missiyasının tərkibində bu prosesdə iştirak etməkdən məmnunluqlarını ifadə ediblər.

TÜRKPA-nın Baş katibi cənab Ramil Həsən öz növbəsində 2010-cu ildən bu günədək davam edən səmərəli əməkdaşlığa görə cənab Maulen Aşimbayevə təşəkkür edib. Baş katib cənab Maulen Aşimbayevin hələ 2011-ci ildən — Senatın Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri olduğu dövrdən etibarən TÜRKPA-nın fəaliyyətinə hərtərəfli dəstək göstərdiyini və beynəlxalq əlaqələrin güclənməsinə böyük töhfə verdiyini vurğulayıb. Cənab Ramil Həsən yeni Konstitusiya əsasında Qazaxıstan parlamentinin qədim türk sözü olan “Qurultay” adlandırılmasının Türk dünyası üçün rəmzi və mühüm əhəmiyyət daşıdığını qeyd edib.

TÜRKPA-nın Baş katibi, həmçinin gələcəkdə yaradılacaq Qurultay ilə əməkdaşlığın daha da güclənəcəyini qeyd edərək, ATƏT Parlament Assambleyasında TÜRKPA-nın müşahidəçi statusu ilə bağlı son proseslər barədə məlumat verib. Danışıqlar zamanı cənab Ramil Həsən 16 aprel 2026-cı il tarixində İstanbulda, Parlamentlərarası İttifaqın 152-ci plenar sessiyası çərçivəsində keçiriləcək mühüm tədbir barədə danışıb. O, Türkiyə Böyük Millət Məclisinin sədri, professor Numan Kurtulmuşun ev sahibliyi ilə ilk dəfə keçiriləcək TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin qeyri-rəsmi görüşü barədə ətraflı məlumat verib. Baş katib Azərbaycan, Qırğızıstan və Macarıstan parlament sədrlərinin iştirakla bağlı artıq şifahi razılıq verdiyini bildirərək, Qazaxıstanın da TÜRKPA-nın fəaliyyətdə olan sədrliyi çərçivəsində bu görüşdə iştirakının vacibliyini vurğulayıb.

Baş katib çıxışını “Güclü Qazaxıstan – güclü Türk dünyası deməkdir” ifadəsi ilə yekunlaşdıraraq qardaş ölkəyə gələcək fəaliyyətində uğurlar arzulamış, cənab Maulen Aşimbayevə Qazaxıstan parlamentinin bu ilin yanvar ayının 30-da qeyd olunmuş 30 illik yubileyi münasibəti ilə təbriklərini çatdırıb və xüsusi hazırlanmış təbrik məktubunu təqdim edib.

TÜRKPA Beynəlxalq Katibliyini həmçinin Baş katibin müavini Talqat Aduov, Komissiya katibi Aynurə Abutalibova və Təşkilati İnzibati məsələlər üzrə katib Ələsgər Ağayev təmsil edib.