TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
AK Parti nümayəndə heyəti Bakıda TÜRKPA Baş katibinə nəzakət ziyarəti edib

AK Parti nümayəndə heyəti Bakıda TÜRKPA Baş katibinə nəzakət ziyarəti edib

Tarix
Baxış
107

25 fevral 2026-cı il tarixində Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri cənab Kürşad Zorlunun rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsənə nəzakət ziyarəti edib.

Cənab Zorlunu müşayiət edən nümayəndə heyətinin tərkibinə Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsi rəhbərinin müavini və TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının üzvü cənab Mahmut Rıdvan Nazırlı, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsi rəhbərinin müavinləri cənab Naim Makas və cənab Temel Akyürek, eləcə də müşavir cənab Muhammet Tolga Beşen daxil olub.

TÜRKPA Beynəlxalq Katibliyində təşkil olunan görüş cənab Ramil Həsənin Baş katib vəzifəsinin icrasına başladıqdan sonra Ankara şəhərinə rəsmi səfəri zamanı baş tutmuş əvvəlki məsləhətləşmələrin davamı olaraq həyata keçirilib.

Nümayəndə heyətini salamlayan Baş katib ziyarətə görə minnətdarlığını ifadə edib. O, AK Partinin tərkibində yeni yaradılmış Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin strateji əhəmiyyətini vurğulayıb və cənab Zorlunun bu vəzifəyə təyin olunmasının xüsusi dəyərini qeyd edərək, onun Türk dünyası ilə bağlı geniş bilik və təcrübəyə malik olduğunu bildirib.

Cənab Zorlu əvvəlki vəzifələri dövründə cənab Ramil Həsən ilə aralarındakı sıx əməkdaşlığı xatırladaraq, onu təşkilatın Qərbə açılmasına töhfə vermiş əsas simalardan biri kimi qiymətləndirib. O, TÜRKPA-nın Türk dövlətlərinin parlamentlərini müxtəlif ixtisaslaşmış sahələr üzrə bir araya gətirməkdə və institusional parlament dialoqunun təşviqində oynadığı rolu vurğulayıb.

Müzakirələr zamanı cənab Zorlu Türkiyə Respublikasının Prezidenti və AK Partinın sədri cənab Rəcəb Tayyib Ərdoğanın himayəsi altında, yaradılmasından cəmi bir il sonra Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsi tərəfindən “Türk Dünyası Vizyon Sənədi” adlı hərtərəfli sənədin hazırlandığını vurğulayıb. O, həmçinin qarşıda həyata keçirilməsi planlaşdırılan 1-ci Siyasət Forumunda TÜRKPA üçün xüsusi sessiyanın ayrılmasına hazır olduqlarını ifadə edib.

Baş katib nümayəndə heyətinə TÜRKPA-nın son dövrdə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib. O, Assambleyanın daimi komissiyalarının fəaliyyət istiqamətləri üzrə, o cümlədən model qanunların hazırlanması sahəsində davam edən işlər haqqında danışıb. Baş katib, həmçinin TÜRKPA-nın Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Zirvə Görüşlərində qəbul edilmiş qərarların həyata keçirilməsində qanunvericilik məsuliyyətini xüsusilə vurğulayıb.

Müzakirələr zamanı TÜRKPA-nın genişlənən beynəlxalq fəaliyyətinə də toxunulub. Cənab Ramil Həsən Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri, TÜRKPA-nın fəaliyyətdə olan sədri cənab Yerlan Koşanovun sədrliyi altında təşkilatın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (ATƏT PA) müşahidəçi statusunun əldə edilməsi üçün rəsmi müraciət etdiyini bildirib. Bundan əlavə, TÜRKPA üzv parlamentlərinin sədrlərinin zirvə görüşünün 16 aprel 2026-cı il tarixində İstanbul şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində keçiriləcəyi qeyd olunub.

Görüşün əsas məqamlarından biri yaxın aylarda keçiriləcək beynəlxalq konfransın elan olunması olub. “Avrasiyada yeni əməkdaşlıq: Strateji münasibətlərin inkişafında TÜRKPA-nın rolu və parlament diplomatiyası” adlı tədbirin 2026-cı ilin may ayında İstanbulda keçiriləcəyi və Türkiyə Böyük Millət Məclisinin sədri cənab Numan Kurtulmuşun açılış nitqi ilə çıxış edəcəyi diqqətə çatdırılıb. Baş katib cənab Ramil Həsən cənab Kürşad Zorlunu tədbirdə iştirak etməyə dəvət edib.

Hər iki tərəf Türk dövlətlərinin birliyini ifadə etməyin vacib məsuliyyət və önəmli bir missiya olduğunu, bunun regional rifah və beynəlxalq sülhə mühüm töhfə verdiyini xüsusilə vurğulayib. Qarşıdan gələn beynəlxalq konfrans, türk əməkdaşlığının heç bir tərəfə qarşı deyil, bütün bəşəriyyətin rifahına və inkişafına töhfə verməyi hədəflədiyini nümayiş etdirmək üçün vacib bir platforma kimi qiymətləndirilib.

Görüşün sonunda tərəflər Qazaxıstanda qarşıdan gələn referendum prosesinin uğurla başa çatması üçün qarşılıqlı olaraq səmimi arzularını çatdırıb.

Səmimi görüş xatirə hədiyyələrinin təqdim edilməsi ilə sona çatıb.

Görüşdə TÜRKPA Beynəlxalq Katibliyindən Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, Komissiya katibi Kadir Yaman, Protokol xidmətinin müdiri Yadigar Məmmədov, Baş katibin köməkçisi Təhminə Bakiyeva və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Fidan Məcidli iştirak edib.