Səfir Ramil Həsən
TÜRKPA Baş katibiSəfir Ramil Həsən TÜRKPA-nın 14-cü Plenar iclasında qəbul edilmiş Assambleyanın 12 iyun 2025-ci il tarixli Qərarına əsasən TÜRKPA-nın Baş katibi seçilib.
Cənab Ramil Həsən 23 sentyabr 1978-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Qafan şəhərində anadan olub.
O, Bakı Dövlət Universitetinin Tarix fakültəsi üzrə bakalavr və Beynəlxalq Münasibətlər fakültəsi üzrə magistr dərəcəsini əldə edib.
Cənab Həsən 1999-2002-ci illər arasında Qaradağ bələdiyyəsinin (Bakı şəhəri) üzvü və sədr müavini işləyib. O, 1999-2003-cü illərdə Azərbaycan-Türkiyə Gənclər Dostluğu Cəmiyyətinin yaradıcısı və həmsədri olub.
1999-2005-ci illərdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.
2002-ci ildən 2010-cu ilin yanvar ayına qədər cənab Həsən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi vəzifəsində çalışıb.
O, həmçinin 2005-ci ildən 2010-cu ilə qədər Yeni Azərbaycan Partiyası (Azərbaycanda hakim partiya) Gənclər Təşkilatının sədri vəzifəsində çalışıb.
2008-2014-cü illər arasında cənab Həsən Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində "Müasir Azərbaycanın Xarici Siyasəti" mövzusunda mühazirə oxuyub.
Cənab Ramil Həsən, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 29 sentyabr 2009-cu il tarixində Bakıda keçirilən ilk plenar iclasında TÜRKPA-nın ilk baş katibi seçilib.
15 yanvar 2010-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək cənab Həsən TÜRKPA Beynəlxalq Katibliyinin Baş katibi - diplomatik nümayəndəliyin rəhbəri kimi fəaliyyətini davam etdirib.
2013-cü ilin noyabrından 2014-cü ilin yanvar ayına qədər Londonda peşə bacarıqlarının artırılması üzrə Ekstensiv Təhsil Proqramında iştirak edib.
2014-cü ilin mart ayında cənab Ramil Həsən, Harvard Universiteti, Con F. Kennedi İdarəetmə Məktəbinin Senior Executive Fellows Program-ını bitirib.
Cənab Ramil Həsən, 5 iyun 2014-cü il tarixində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dördüncü Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdimatı ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin qərarı ilə Türk Dövlətləri Təşkilatının baş katibi təyin edilib.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ona birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi Ali diplomatik rütbəsi verilib.
2017-ci ildə çoxtərəfli əməkdaşlığın inkişafındakı xidmətlərinə görə nüfuzlu Crans Montana Forumu tərəfindən Xüsusi Şərəf Medalı ilə təltif edilib.
2017-2019-cu illərdə cənab Həsən İsveçrənin Cenevrə şəhərində yerləşən aparıcı beynəlxalq təşkilat olan İdman Bütövlüyü Qlobal Alyansının (Sport Integrity Global Alliance - SIGA) vitse-prezidenti seçilib. İki il vitse-prezident vəzifəsində çalışıb.
9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı cənab Ramil Həsən hakim Yeni Azərbaycan Partiyası tərəfindən namizəd kimi irəli sürülüb və Azərbaycan Respublikası Parlamentinin Deputatı seçilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illliyi ilə əlaqədar 2024-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Heydər Əliyevin 100 illliyi (1923-2023) yubiley medalı” ilə təltif edilib.
1 sentyabr 2024-cü ildə keçirilən parlament seçkilərində yenidən Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı seçilib.
Cənab Ramil Həsən TÜRKPA-nın 14-cü Plenar iclasında qəbul edilmiş Assambleyanın 12 iyun 2025-ci il tarixli Qərarına əsasən TÜRKPA-nın Baş katibi seçilib. 15 oktyabr 2025-ci il tarixindən etibarən TÜRKPA-nın Baş katibi vəzifə səlahiyətlərinin icrasına başlamışdır.
İngilis, rus və türk dillərində sərbəst danışır.
Ailəlidir, bir oğlu və bir qızı var.