TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media

TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının onuncu iclası

14 mart 2025
Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyası

14 mart 2025-ci il tarixində Bişkek şəhərində Qırğız Respublikası Joqorku Keneşinin ev sahibliyində TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının “TÜRKPA üzv dövlətlərinin Dayanıqlı İnkişaf Məqsədləri kontekstində ekoloji davamlılıq və yaşıl dünya üzrə əməkdaşlığı” mövzusunda 10-cu iclası keçirilib.

İclasa komissiyanın sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əhliman Əmiraslanov sədrlik edib.

Açılış mərasimində Əhliman Əmiraslanov və komissiyanın digər üzvləri – Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Duysenbay Turqanov onlayn formatda, Qırğız Respublikası Joqorku Keneşinin deputatı Aysuluu Mamaşova, komissiya sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin deputatı Ahmet Zenbilci, Türkiyə Böyük Millət Məclisinin deputatı Kadim Durmaz və Baş katib Mehmet Süreyya Er çıxış ediblər. Çıxışlardan sonra komissiya üzvləri gündəlikdə yer alan məsələləri müzakirə ediblər.

TÜRKPA-nın Qazaxıstanda keçiriləcək 14-cü Plenar iclasına təqdim ediləcək komissiya iclasının əsas mövzusuna dair hesabat məruzəsi və tövsiyə qərarları, habelə komissiya çərçivəsində hazırlanmış “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Model Qanun layihəsi müzakirə edilərək təsdiq edilib. Model qanun layihəsini Azərbaycan Respublikası Milli Məclisinin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təqdim edib.

Komissiyanın növbəti 11-ci iclasının gələn il Türkiyədə keçirilməsi qərara alınıb.

Eyni zamanda, 13 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov Bişkekə səfəri çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin Sosial siyasət komitəsinin sədri Vinera Raimbaçayeva ilə görüşüb.

Əhliman Əmiraslanov Azərbaycan nümayəndə heyətinin Qırğızıstana TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 10-cu iclasında iştirak etmək məqsədilə gəldiyini bildirərək, təşkilat çərçivəsində parlament əməkdaşlığının ikitərəfli münasibətlərin yeni səviyyəyə irəliləməsinə kömək etdiyini qeyd edib.

Vinera Raimbaçayeva son illərdə ikitərəfli münasibətlərin inkişaf etdiyini, Azərbaycan kimi Qırğızıstanın da inteqrasiyaya mühüm əhəmiyyət verdiyini bildirib. Bu kontekstdə Vinera Raimbaçayeva iki ölkənin parlamentlərinin vahid türk parlamentlərarası məkanı – Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb.