TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının on ikinci iclası
16 may 2025-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində “TÜRKPA üzv dövlətlərində təhsil sahəsində proseslərin uyğunlaşdırılması: problemlər və inkişaf perspektivləri” mövzusunda Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyanın onlayn formatda 12-ci iclası və “TÜRKPA üzv dövlətlərdə təhsil sahəsində müasir çağırışlar, problemlər və inkişaf yolları” mövzusunda seminar keçirilib.
İclasa Qırğız Respublikası Joqorku Keneşinin deputatı, komissiyanın sədri Ulan Bakasov sədrlik edib.
İclasın açılışında komissiyanın sədri Ulan Bakasov, komissiya sədrinin müavini və Azərbaycan Respublikası Milli Məclisinin üzvü Günay Əfəndiyeva və digər komissiya üzvləri – Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Məmmədov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Juldız Suleymenova, Qırğız Respublikası Joqorku Keneşinin üzvü İrısbek Atajanov, Türkiyə Böyük Millət Məclisinin deputatları Tahir Akyürek və Ömer Faruk Gergerlioğlu, həmçinin TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er iştirak ediblər.
Seminar sessiyasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Çapay Məmmədov, Qırğız Respublikası Təhsil və Elm Nazirliyinin Elm və İnnovasiyalar şöbəsinin aparıcı mütəxəssisi Ayjan Karıbekova, Türkiyə Respublikası Ali Təhsil Şurasının müşaviri İlyas Kara, Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Milli Təhsil Akademiyasının eksperti Murat Akkuş və Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr Baş Müdirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin Ekspert müəllimi, Şeyma Nur Dündarın təqdimatları dinlənilib.
Çıxışlardan sonra görüş və seminar zamanı aparılan müzakirələr təhsil sahəsinə, o cümlədən TÜRKPA üzv dövlətlərində təhsil sistemlərinin inkişafı üçün çağırışlar, problemlər və irəliyə doğru mümkün yollara yönəldilib.
İclasda gündəlikdəki məsələlər müzakirə edilib və TÜRKPA-nın iyunun 11-12-də Qazaxıstanda keçiriləcək 14-cü Plenar Sessiyasına təqdim olunacaq komissiyanın Hesabat məruzəsi və Tövsiyə qərarı təsdiq edilib. Gündəlikdə olan məsələlərdən biri Qırğız Respublikası Joqorku Keneşinin Sosial siyasət komitəsinin departamentinin sektor müdiri Jıldız Soburova tərəfindən hazırlanmış “Müəllimlərin statusu haqqında” Model Qanun layihəsinə həsr olunub. Onlar öz ölkələrinin təhsil sistemləri haqqında məlumat veriblər. İştirakçılar, həmçinin üzv dövlətlərdə həyata keçirilən təhsil müəssisələri və proqramlar haqqında araşdırma məlumatlarını, təhsil sektorunun gücləndirilməsi üçün dəyərli təkliflərini bölüşüblər.
Komissiyanın növbəti iclasının 2025-ci ildə Qazaxıstanda keçirilməsi qərara alınıb.
Seminarın məqsədi zəngin təhsil irsinə, əhəmiyyətli potensiala və daha sıx əməkdaşlıq üçün təbii zəmin yaradan ortaq tarixi-mədəni məkana malik olan TÜRKPA üzv dövlətləri arasında təhsil sahəsində bilik mübadiləsini asanlaşdırmaq olub.