TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının on ikinci iclası

28 aprel 2025
Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyası

28 aprel 2025-ci il tarixində Qazaxıstan Respublikası Parlamenti Məclisinin ev sahibliyi ilə “TÜRKPA üzv dövlətlərində Ombudsman təsisatları” mövzusunda Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 12-ci iclası onlayn formatda keçirilib.

İclasda komissiyanın üzvləri, parlamentlərin hüquq ekspertləri və Katibliyin nümayəndələri iştirak ediblər. İclas Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mestenin sədrliyi ilə keçirilib.

İclasın açılışında komissiyanın sədri Osman Mesten, sədr müavini Abzal Kuspan və komissiya üzvləri Cavanşir Feyziyev, Ruslanbek Cakışov və Filiz Kılıç çıxış ediblər.

İclasda gündəlikdəki məsələlər müzakirə edilib və TÜRKPA-nın iyun ayında Qazaxıstanda keçiriləcək 14-cü Plenar iclasına təqdim olunacaq komissiya Hesabat məruzəsi və Tövsiyə qərarı təsdiq edilib.

Komissiyanın iclası çərçivəsində edilən çıxışlarda Ombudsman təsisatlarının əhəmiyyəti vurğulanıb, onların insan hüquqlarının müdafiəsi və təmin edilməsi üçün mühüm strukturlar olduğu qeyd edilib. Bundan əlavə, üzv dövlətlərin parlamentariləri öz ölkələrində Ombudsmanların tarixi və iş sistemi haqqında da danışıblar.

Hesabat məruzəsi və Tövsiyə qərarı ilə yanaşı, komissiya tərəfindən hazırlanmış növbəti Plenar iclasa təqdim ediləcək “TÜRKPA üzv dövlətlərində yaşayış icazələrinin asanlaşdırılması haqqında” Model Qanun layihəsi də təsdiq edilib. Təsdiqlənmiş Model Qanun layihəsi TÜRKPA üzv dövlətlərin vətəndaşlarının bürokratik maneələr olmadan üzv ölkələrdə yaşamalarını asanlaşdırmaq məqsədi daşıyır. Bundan əlavə, Model Qanun layihəsində sənət adamları, tələbələr və iş adamları kimi xüsusi kateqoriyadan olan şəxslər üçün ayrıca bölmə var və bu qrup insanların yaşama icazələrinin asanlaşdırılmasına xüsusi diqqət yetirilir.