TÜRKPA Missiyası Qazaxıstanın xarici işlər nazirinin müavini ilə görüş keçirib
437
20 avqust 2026-cı il tarixində Qazaxıstan Respublikasının Qurultayına deputat seçkilərinin müşahidəsi proqramı çərçivəsində TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü cənab Osman Mestenin rəhbərliyi ilə Beynəlxalq Seçki Müşahidə Missiyası Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini cənab Arman İssaqaliyev ilə görüşüb.
Missiyanı salamlayan nazir müavini cənab İssaqaliyev nümayəndə heyətinə qarşıdan gələn seçkilərə hazırlıqların gedişatı və beynəlxalq müşahidəçilərin fəaliyyəti barədə ətraflı məlumat verib. O, Qazaxıstanın seçki prosesini milli qanunvericiliyə uyğun şəkildə açıq, şəffaf və demokratik prinsiplərə əsaslanaraq həyata keçirmək əzmini bir daha vurğulayıb.
Öz növbəsində Missiyanın rəhbəri cənab Mesten cənab İssaqaliyevi Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Cənab Mesten, həmçinin Missiyanın fəaliyyətinin təşkili istiqamətində göstərilən dəstəyə görə Qazaxıstan tərəfinə dərin minnətdarlığını ifadə edib.
Görüş zamanı tərəflər Türk Dövlətləri Təşkilatı (TDT) və TÜRKPA çərçivəsində əməkdaşlıq mexanizmlərini müzakirə edərək bu istiqamətdə qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
Görüşdə TÜRKPA Baş katibinin müavinləri cənab Talqat Aduov və cənab Muhammet Alper Hayali də iştirak edib.